Yaxın zamanlarda Fransanın Cənubi Qafqaz regionu ilə bağlı mövqeyində dəyişiklik gözləməyə dəyməz. Bu barədə SalamNews-a politoloq Fikrət Sadıqov Fransada prezident seçkilərinin ikinci mərhələsinin nəticələrini şərh edərkən bildirib.
O deyib: “Fransada həqiqətən əhəmiyyətli hadisələr baş verib. Beşinci respublikanın tarixində ilk dəfə prezident ikinci müddətə seçilə bilmədi. Sarkozinin məğlubiyyətində onun anti-islam siyasəti, 1915-ci ildə Türkiyədə baş vermiş hadisələri cinayət kimi tanımaq və xarici siyasətdəki bəzi ciddi yanılmalar da az rol oynamayıb”.
Onun sözlərinə görə, yaxın zamanlarda Fransanın Cənubi Qafqaz regionuna münasibətdə mövqeyində dəyişiklik gözləməyə dəyməz. Seçkiqabağı bəyanatlara nəzər salsaq, Ollandın siyasi prioritetlərə görə, öz sələfindən bir o qədər də fərqlənmədiyini görmək olar. Məsələ bundadır ki, əgər Sarkozi açıq ermənipərəst siyasət yürüdür və Ermənistanı “Fransanın bacısı” adlandırırdısa, Olland bir bu qədər açıqlıq nümayiş etdirməyib.
F.Sadıqov seçkiləri qazanan Ollandın ən azı sələfindən fərqlənmək və Dağlıq Qrabağ münaqişəsinin müsbət həllinə səy göstərmək baxımından xarici siyasdət kursunda dəyişikliklər edəcəyinə ümidvar olduğunu deyib: “Hazırda dəqiq nəsə demək mümkün olmasa da, bir fakt dəqiqdir ki, Fransada hakimiyyətə yeni fikirli bir lider hakimiyyətə gəlib. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinə münasibətdə yeni nüanslar gözləməyə dəyər. Bunların nə ilə əlaqdar olacağını isə, zaman göstərəcək”.