Miladi XVII əsrin böyük alimlərindən olan Molla Abdullah Şüştəri bir gün Şeyx Bəhainin evinə qonaq gəlir. Namaz vaxtı çatır, azan verilir. Şeyx Bəhai Molla Abdullaha təklif edir ki, camaat namazına imamlıq etsin.

Amma Molla Abdullah Şüştəri bir az fikirləşdikdən sonra orada namaz qılmayıb evinə qayıdır və namazı öz evində qılır. Soruşurlar ki, namazı öz vaxtının əvvəlində qılmağın fəzilətini bildiyin halda niyə belə etdin? Şüştəri cavab verir: “Qılacağım namazı gözümün qabağına gətirdim. Fikirləşdim ki, əgər burada namaz qılsam, evdə qıldığım namazlarla bir fərqi olacaq? Bu zaman başa düşdüm ki, Şeyx Bəhainin mənim arxamda namaz qılması xoşuma gələcək və özümdən razılıq hiss edəcəyəm. Ona görə namazı öz evimdə qılmaq qərarına gəldim”.
Buna oxşar bir hadisə XIX əsrin böyük müctəhidi Mirzayi-Qumminin də başına gəlmişdi. Mirzayi-Qummi möminlərin xahişi ilə məscidlərin birində camaat namazına imamlıq edirmiş. Bir müddətdən sonra imam-camaat olmaqdan imtina edir. Səbəbini soruşanda deyir ki, axırıncı dəfə imamlıq edəndə arxamda durub təkbir deyənlərin səsini eşitdim və onların sayının çoxluğu məni sevindirdi. Bundan bildim ki, niyyətimə riya qarışıb.
Abbasi xəlifəsi Mənsur xilafətinin ilk dövrlərində İmam Cəfər Sadiqi (ə) saraya cəlb etməyə çalışırdı ki, Onun nüfuzundan istifadə edib öz hakimiyyətini möhkəmləndirsin. Amma İmam Sadiq (ə) bu təklifi qəti şəkildə rədd edirdi. Bir dəfə Mənsur yenə İmam üçün xəbər göndərdi ki, niyə başqaları kimi yanımıza gəlmirsən, bizimlə qaynayıb-qarışmırsan? İmam cavab yolladı: “Nə biz dünyaya aludəyik ki, onun ləzzətlərini qazanmaq xatirinə sizinlə yaxın olaq, nə də siz axirət üçün çalışırsınız ki, onun nemətlərinə nail olmaq xatirinə sizinlə oturub-duraq. Nə həqiqi bir nemətə layiq olmusunuz ki, buna görə sizi təbrik etmək üçün yanınıza gələk, nə də öz vəziyyətinizi müsibət hesab edirsiniz ki, buna görə sizə başsağlığı və təsəlli verək. Müsəlman başqasının yanına bu səbəblərdən gedər. Belə isə, mənim sizin yanınıza gəlməyim üçün səbəb yoxdur”. Mənsur özünü təmizə çıxarmaq üçün belə xəbər göndərdi: “Onda heç olmazsa, bizə nəsihət verib düz yola çəkmək üçün yanımıza gəlin”. İmam Sadiq (ə) cavab yolladı: “Dünyanı sevən adam sənə nəsihət verməz (çünki sənin tayındır), axirəti sevən adam isə səninlə oturub-durmaz”.