Türkiyənin Xarici İşlər Nazirliyi İsrail tərəfindən işğal olunan Fələstin torpaqlarında həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətini genişləndirərək Şərqi Qüdsdəki "Givat Hamatos" yaşayış məntəqəsində 1100 nəfərlik otelin inşa edilməsinə razılıq verməsini qətiyyətlə pisləyib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, nazirliyin yaydığı bəyanatda deyilir: "İsrailin 2011-ci ilin oktyabrında Givat Hamatos bölgəsində yeni evlərin inşa edilməsi ilə bağlı planları həm dünya ictimaiyyəti, həm də ölkəmiz tərəfindən pisləndi. Bu bir daha nümayiş etdirir ki, İsrailin əsl hədəfi sülh deyil.
Buna görə də İsrailin təkidlə davam etdirdiyi məskunlaşma siyasətini qəbul etmədiyimizi bir daha vurğulayır, İsrailin bu siyasəti ilə beynəlxalq hüququ kobud şəkildə pozduğunu və sülh prosesində irəliləmə əldə edilməsinə maneə törətdiyini bir daha bildiririk".