Bağdad rəhbərliyi ABŞ-dan "F-16" hərbi təyyarələrinin alınmasına qarşı çıxan Məsud Bərzaniyə bildirib ki, bu təyyarələr kürdləri Türkiyədən qorumaq üçün alınır.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani, ötən həftə ABŞ ilə İraq arasında imzalanan və Bağdad rəhbərliyinə 36 ədəd "F-16" hərbi təyyarəsinin satılmasını nəzərdə tutan 1 milyard dollarlıq razılaşmaya mənfi reaksiya göstərmiş və bu təyyarələrin satılmasına qarşı çıxmışdı.
Rəsmi Bağdad isə Bərzaninin bu hərəkətinə cavab verib: "2014-ci ilin əvvəlinə qədər 24 ədədi alınması planlaşdırılan bu təyyarələr xarici təhdidlərə qarşı istifadə ediləcək. Təyyarələr kürdləri Türkiyə və İranın hücumlarından qoruyacaq. Bərzaninin ortaya atdığı iddiaları əsassızdır. Artıq Bağdadda kürdləri düşmən kimi dəyərləndirməyən rəhbərlik mövcuddur".