Məktəb direktoru işdən qovulan müəllimə ilə bağlı məsələyə münasibət bildirib
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbin ikinci sinif müəlliməsi Natalya Melnikova işdən qovulub. Bununla bağlı redaksiyamıza müraciət edən valideynlər onun hicab bağladığı üçün məktəbdən xaric olunduğunu bildirmişdilər. İslam.az saytı məsələ ilə bağlı məktəbin direktoru Əkbər Qocayevin münasibətini öyrənib.
Ə. Qocayevin bildirdiyinə görə, Natalya Germanovna hicab bağladığı üçün deyil, təhsil müəssisəsində dini təbliğatla məşğul olduğu, öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyi, dövlət atribütlarına hörmət etmədiyi, ictimai tənbehdən nəticə çıxarmadığı və işində yol verdiyi nösanalara görə işdən azad olunub. Fikrini daha da konkretləşdirən məktəb direktoru qeyd etdi ki, Natalya xanım musiqi dərslərini dinə zidd hesab edərək keçilməsinə maneçilik törədir, himnin səslənməsinə imkan vermir, sinif otağından tarixi şəxsiyyətlərin portretlərini asmağa qoymurdu.
Ə. Qocayev əməkdaşımızın şagirdlərin dərsləri boykot etməsi ilə bağlı sualına da münasibət bildirdi: "Həmin uşaqların valideynlərini çağırıb söhbət etdik və artıq uşaqların hamısı dərslərdə iştirak edirlər".
Qeyd edək ki, təhsil müəssisələrinə hicabla gəlmək qanunla qadağan deyildir.