İran parlamentində yeni İslam Cəza Qanunu layihəsi müzakirə edilməkdədir. Bu qanun qəbul edilərsə, islamı tərk edərək başqa dinlərə keçənlərə edam hökmü çıxarılacaq.
Sosioloqların dediyinə görə, son illər İranda müsəlman vətəndaşlar bəzən İslamı tərk edib başqa dinlərə, o cümlədən də zərdüştilik və xristianlığa üz tuturlar. Bunun cəzası isə İrandakı islam fiqhinə görə edamdır.
İran Bəhailər İcması layihə ilə bağlı bəyanat yayaraq ölkə bəhailərinin bundan sonra daha ciddi təzyiq və təqiblərə məruz qalacağından narahatlığını bildirib. Bəyanatda deyilir: "Bu layihə ölkənin dini azlıqlarının nümayəndələrinə, o cümlədən də bəhailərə, yəhudilərə, xristianlara və hətta zərdüştilərə qarşı təzyiq və təqiblərin daha da şiddətlənməsinə gətirib çıxaracaq".
Beynəlxalq Bəhai İcmasının BMT-dəki daimi nümayəndəsi Bani Doqal jurnalistlərə açıqlamasınlda layihənin beynəlxalq insan haqları normalarına tamamilə zidd olduğunu deyib: "Bu qanunun qəbul edilməsi hökumətə və ruhanilərə icazə verəcək ki, məhkəmə toxunulmazlığından faydalanaraq dinlərini dəyişmiş İran vətəndaşlarını sırf dini əqidələrinə görə təqib edib cəzalandırsınlar. Bizi narahat edən əsas məsələ dini azlıqlara qarşı mövcud təzyiqləri qanuniləşdirmək cəhdidir".
İranda dini azlıqlara və dinlərini dəyişmiş sabiq müsəlmanlara qarşı təzyiqlərin gündən-günə artması Avropa Birliyinin də narahatlığına səbəb olub. Birliyin sloveniyalı rəhbəri məsələyə münasibət bildirərək İranda dini azlıqlara qarşı təqib və təzyiqlərin artmasından son dərəcə narahat olduğunu deyib.