Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkiyə Diyanət Vaqfı İdarə Heyətinin II katibi Mazhar Bilginlə görüşüb.
QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qonağı səmimi salamlayan A.Paşazadə ötən həftə İstanbulda keçirilən XV Avrasiya İqtisadi Zirvəsində iştirakı, keçirdiyi görüşlər barədə məlumat verib. O, Mərmərə Qrupu Vəqfi tərəfindən təşkil olunan Avrasiya İqtisadi Zirvəsinin önəmli bir toplantı olduğunu bildirib, belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Mazhar Bilgin Şeyxülislamın İslam dininin qorunması, regionda və bütün dünyada sülhün bərqərar olunması yolundakı xidmətlərini yüksək dəyərləndirib. O, təmsil etdiyi Türkiyə Diyanət Vaqfı ilə QMİ arasında əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.