Müəllimə hicaba görə işlədiyi məktəbdən qovulub
Bakının mərkəzində, Parlament prospektində yerləşən 20 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Natalya Melnikova hicab bağladığına görə işdən qovulub. İslam.az saytına məlumatı həmin müəllimənin şagirdlərinin valideynləri veriblər.
Məlumata görə, məktəbə yeni direktor təyin olunan Əkbər Qocayev Natalya Melnikovaya hicabla bağlı xəbərdarlıq etmiş, lakin nəticə vermədiyini görərək onu işdən azad etmişdir. Buna etiraz edən valideynlər isə artıq bir neçə gündür ki, uşaqlarını dərsə buraxmırlar. Sinfin 19 nəfər şagirdinin heç biri məktəbə gəlmir. Validyenlər müxtəlif orqanlara şikayət edəcəklərini, lazım gəlsə məhkəməyə qədər gedəcəklərini bildiriblər.
Məlumat gec daxil olduğu üçün məktəb rəhbərliyinin fikrini öyrənə bilmədik. Mövzunu davam etdirəcəyik.
P.S. Qarşı tərəfin fikrini dərc etməyə hazırıq