Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov Əfqanıstan İslam Respublikası Milli Assambleyasının sədri Alhac Abdul Rauf İbrahimi ilə görüşüb.
Səfirlikdən APA-ya verilən xəbərə görə, D. Şikarov iki ölkə arasındakı münasibətlər, Azərbaycanın daxili və xarici siyasəti, iqtisadi islahatlar, həyata keçirilmiş və icrada olan strateji layihələr, Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı haqqında Milli Assambleyanın sədrini geniş məlumatlandırıb.
Daha sonra səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən humanitar layihələrdən danışaraq fondun Kabildəkı “Avisenna” yetimxanasına da humanitar və maliyyə yardımı göstərdiyini bildirib.
Əfqanıstan Milli Assambleyasının sədri isə xalqlar arasında dostluq əlaqələrindən, mövcud oxşarlıqlardan söz açaraq Əfqanıstanın çətin günündə onun yanında olduğuna görə Azərbaycana minnətdarlığını ifadə edib. Dağlıq Qarabağ probleminə toxunan İbrahimi ölkəsinin bu məsələdə Azərbaycanın mövqeyini tam dəstəklədiyini vurğulayıb. O, özünün də türk mənşəli olduğunu qeyd edərək hər zaman azərbaycanlı qardaşlarının yanında olduğunu bəyan edib.