Azərbaycanın Əfqanıstana təyin olunmuş səfiri Daşqın Şikarov etimadnaməsini İslamabadda Əfqanıstan Prezidenti Həmid Kərzaya təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumta görə, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Əfqanıstan prezidentinə çatdıraraq, onu ölkə rəhbərliyi adından bu ilin oktyabr ayında Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısına dəvət edib.
Əfqanıstan prezidenti ilə söhbət zamanı səfir D.Şikarov Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar, ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar, Heydər Əliyev Fondunun fəaliyyəti, fondun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında ölkə daxilində və xaricində həyata keçirilən humanitar layihələr barədə geniş məlumat verib.
Prezident Həmid Kərzay onun salamlarının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edərək, İƏT Zirvə Toplantısında iştirak etmək üçün dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib. Həmid Kərzay Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini tam dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.
D.Şikarov Əfqanıstana səfəri çərçivəsində bu ölkədəki Azərbaycan sülhməramlı kontingenti ilə də görüşüb. Əsgərlərimizin xidmət şəraiti ilə yaxından tanış olan səfir sülhməramlı kontingentimiz tərəfindən yaradılmış Heydər Əliyev muzeyini ziyarət edib.
Diplomat Kabulda yerləşən, hər iki valideynini itirmiş uşaqların məskunlaşdığı “Avisenna” uşaq evində olub, Heydər Əliyev Fondu adından humanitar yardım verib.