Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normalaşmasında vasitəçi rolunu oynaya bilər. Bu barədə Türkiyənin “Today`s Zaman” qəzetində nəşr olunan “Azərbaycan-İsrail: davamlı birlik” məqaləsində jurnalist Zaur Şiriyev bildirib.
“İsrail ilə diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan müsəlman dünyası tərəfindən mümkün etirazlara görə narahat olub. Münasibətləri təhlükə altına atmamaq üçün Bakı İsraildə öz səfirliyini açmayıb və ölkədə sadəcə AZAL milli aviasiya şirkəti var. Azərbaycan antisemitizm tarixin bilmir və öz növbəsində Bakı “Sion həvəskarı” (1891-ci ildə yaradılıb) mərkəzlərindən biridir, sonra isə 1899-cu ildə sionist təşkilatı yaradılıb”, - müəllif yazıb. Onun sözlərinə görə, yəhudi icması nəinki Azərbaycan, həmçinin ABŞ ilə diplomatik və iqtisadi əlaqələrin ən vacib faktorudur.
SalamNews-un verdiyi xəbərə görə, məqalədə deyilir: “Hazırda Bakı və Təl-Əviv arasındakı müsbət münasibətlər qismən Ankara ilə razılaşdırılıb, çünki Türkiyənin Bakı ilə dost münasibəti Təl-Əvivin erməni lobbisi ilə birləşməsinə mane olur”.
“Lakin bir neçə bədbin müşahidəçi iddia edir ki, əgər Vaşinqton İsrail-Türkiyə münasibətlərini yaxşılaşdıra bilməyibsə, Bakının bu məsələdə şansı azdır. Əks təqdirdə İsrail Azərbaycan üçün strateji əhəmiyyət baxımından Türkiyəni əvəz edə bilməz. Eyni zamanda İsrail-Azərbaycan münasibətləri İran ətrafındakı vəziyyətə görə daha da güclənə bilər. Amma Türkiyə və Azərbaycan üçün səmərəli siyasət ən vacib stimul olmalıdır”, - Zaur Şiriyev yazıb.