Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 25-dən martın 1-dək Türkiyə Diyanət İşləri başkanı Əli Bardakoğlunun dəvəti ilə bu ölkədə səfərdə olacaq.
QMİ-dən verilən məlumata görə, iki ölkə arasında dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə gerçəkləşdirilən səfər zamanı A. Paşazadənin Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, dövlət nazirləri Mustafa Səid Yazıçıoğlu, Mehmet Aydın və tanınmış di xadimləri ilə görüşləri nəzərdə tutulub. QMİ-dən bildirilib ki, idarənin Qazılar və Elmi-Dini şuraları Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı türkçülüyün dünya birliyinə uğurla inteqrasiyası yönündə ardıcıl fəaliyyətinə, milli-mənəvi dəyərlərin qorunması, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlığın daha da möhkəmləndirilməsi işində göstərdiyi böyük xidmətlərinə görə "Şeyxülislam ordeni" ilə təltif olunması haqqında qərar çıxarıb. Səfər zamanı, həmçinin orden baş nazirə təntənəli şəkildə təqdim olunacaq.