Azərbaycan prezidenti İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul edib. APA-nın məlumatına görə, Məhəmməd Əl Şaybani Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib.
Dövlət başçısı Dubayda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Azərbaycan ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə yaxşı səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlət başçısı Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dubay Əmirinə çatdırmağı xahiş edib.