Milli Təhlükəsizlik Nazirliyi (MTN) Balakən Rayon Polis Şöbəsi (RPŞ) ilə birgə rayonda xüsusi əməliyyat keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən RPŞ-nin rəis müavini Loğman İsmayılov məlumat verib. Keçirilən əməliyyat zamanı rayonda radikal dini qruplaşmaların üzvü olmaqda şübhəli bilinən şəxslərin mənzillərində axtarış aparılıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şanbul kənd sakini, 1953-cü il təvəllüdlü Mahama Çixinovun mənzilindən 313 ədəd qadağan olunmuş dini ədəbiyyat və 12 ədəd video kaset aşkar edilərək götürülüb. Bundan başqa, rayonun Xalatala kənd sakini, 1965-ci il təvəllüdlü İdris Çitiyevin mənzilində axtarış aparılarkən oradan da müxtəlif adda 107 ədəd qadağan olunmuş dini ədəbiyyat və 1 ədəd video kaset götürülüb. Faktla əlaqədar Balakən RPŞ-də və MTN-in rayon şöbəsində araşdırma aparılır.