Səudiyyə Ərəbistanı dünya neft bazarında İranı əvəz edə bilməyəcək. Bu barədə İranın neft naziri Rüstəm Həsəmi bildirib. Onun sözlərinə görə, OPEK-in son iclasında Səudiyyə Ərəbistanı nümayəndəsi ölkəsinin dünya bazarında İranın yerini tutmaq fikrində olmadığını qeyd etsə də, son siyasi hadisələr bunun əksini göstərir, SalamNews PressTV-yə istinadən xəbər verir.
“İran neftini əvəz etmək məqsədi ilə külli miqdarda Səudiyyə neftinin nəqli müvəqqəti xarakter daşıyır və bu proses heç bir perspektivə malik deyil. Bu ötəri siyasətdir və gələcəkdə mənfi nəticələr verəcək. Səudiyyə Ərəbistanının maksimal güclə neft emal etməsi müvəqqətidir və bu uzun müddət davam edə bilməz.
Avropa İttifaqının birtərəfli sanksiyalarına baxmayaraq , İran neft gəlirini azaltmayıb və OPEK-də istehsalın eyni səviyyədə saxlanılmasına tərəfdardır. Yüksək keyfiyyətli neftə malik olan İran tələbat qıtlığı çəkmir”, - İranın neft naziri deyib.
İranın bir sıra Avropa ölkələrinə neft ixracını dayandırmaq qərarının onların iqtisadiyyatına mənfi təsir etdiyini vurğulayan Həsəmi bəyan edib ki, ”digər ölkələrin İrana qarşı siyasəti dəyişərsə, İslam Respublikası ixraca yenidən baxmağa hazırdır.”