Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləzizin görüşündə Suriyaya dərhal beynəlxalq müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.
SalamNews-un "İhlas" agentliyinə istinadla verdiyi xəbərə görə, görüşdə Baş nazir Ərdoğan Suriyada demokratik çevriliş prosesinin xalqın arzusu istiqamətində dərhal həyata keçirilməsinin zəruriliyini söyləyib.
Tərəflər Annan Planı çərçivəsində Suriyaya beynəlxalq müşahidəçilərin dərhal göndərilməsinin vacib olduğunu vurğulayaraq, bu planın Dəməşq rəhbərliyinin əlində əyləncə vasitəsinə çevrilməməsi lazım olduğunu deyiblər. Regional problemlər çərçivəsində Suriya mövzusunun müzakirə olunduğu görüşdə Suriyanın ərazi bütövlüyünün qorunmasının vacib olduğuna diqqət çəkilib.
Görüşdə həmçinin, ikitərəfli əlaqələrlə yanaşı, iki ölkəni yaxından maraqlandıran regional və beynəlxalq hadisələr, siyasi dialoqun gücləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın həm ikitərəfli səviyyədə, həm Ərəb İttifaqı, həm Körfəz Əməkdaşlıq Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da gücləndirilməsi barədə razılığa gəliblər.