ABŞ və Rusiya İranla beynəlxalq müşahidəçilər “altılığı” (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında aprelin 14-də İstanbulda keçiriləcək görüşə ümidlə yanaşırlar. Belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Bizim yeganə məqsədimiz İranın nüvə proqramına tam aydınlıq gətirmək və onun heç bir hərbi məqsəd daşımadığına əmin olmaqdır”, - S.Lavrov deyib.
SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, aprelin 14-də İstanbulda beynəlxalq müşahidəçilər “altılığı” ilə görüşdə İran öz nüvə proqramı ətrafında böhrandan çıxış üçün yeni təşəbbüslər nümayiş etdirəcək.
“Altılıq” ilə İstanbul görüşü ərəfəsində İranın danışıqlardakı nümayəndələri mövcud vəziyyəti nizamlamaq məqsədi ilə yeni təkliflər irəli sürəcəklərini bildiriblər”, - Lavrov bəyan edib.
O qeyd edib ki, bu düzgün yanaşmadır: "Çünki bizim və Amerikanın mərhələlər üzrə və qarşılıqlı anlaşma şərtləri çərçivəsində irəliləmək üçün konkret təkliflərimiz var. Məsələnin mərhələli həlli yolu o deməkdir ki, İran bir addım atır və biz (“altılıq”) də öz növbəmizdə ona doğru bir addım atırıq. 2003-cü ildən etibarən “altılıq” MAQATE ilə birgə Tehranın uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasına nail olmağa çalışır".
“Altılıq” və İran arasında danışıqlar aparılmasına son dəfə 2011-ci il yanvarın 21-22-də cəhd edilib. Amma heç bir nəticə əldə olunmayıb. Yekun danışıqlara əsasən, MAQATEyə İranın nüvə proqramının dinc xarakterli olmasını sübut edəcək heç bir dəlil təqdim olunmayıb. ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə enerji proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırır. Rəsmi Tehran isə öz növbəsində nüvə proqramının tamamilə ölkədəki enerji tələbatını ödəməyə yönəldiyini bəyan edərək, ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.