Suriyanın xarici işlər naziri Vəlid Mualim, Kilisdəki qaçqın şəhərciyinin atəşə tutulmasını "Türkiyə hökumətinin Suriya əleyhinə təxribatı" kimi dəyərləndirib.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, Türkiyənin BMT Baş katibi Pan Gi Muna göndərdiyi və sərhəd pozulmasını pisləyən məktubuna cavab verən Mualim, bu hadisədə Ankaranı ittiham edib. Suriyalı nazir Türkiyənin terrorçu qruplara kömək etdiyini və onların Suriyada törədikləri hücumları dəstəklədiyini iddia edib.
Mualim deyib: "Terrorçular sərhədin yaxınında olan vətəndaşları qorxudaraq Türkiyəyə qaçmağa təhrik edirlər. Türk rəsmiləri beləcə qaçqın böhranı yaradaraq, humanitar dəhliz və bufer zonasının yaradılması məsələsini gündəmə gətirmək istəyirlər".
Vəlid Mualim Suriyanın daxili işlərinə müdaxilə etdiyi üçün Türkiyənin qınanmasını tələb edib.