İran İslam Respublikası prezidentinin Əbu-Musa adalarına regional turne çərçivəsində gerçəkləşən səfəri bizim daxili işimizdir. SalamNews–un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər nazirinin müavini Huseyn Əmir Abdullaxiyan bəyan edib.
O, qeyd edib ki, İran Prezidenti Mahmud Əhmədinejadın bu səfəri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin narazılığına səbəb olub və məsələ ilə əlaqədar BƏƏ xarici işlər naziri Şeyx Abdulla ibn Zayed Əl-Naxyani bəyanatla çıxış edib.
“Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İran ərazisinin əbədi və ayrılmaz hissəsidir. Bu problemlə bağlı mövcud fikir ayrılığına baxmayaraq, İslam Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri genişləndirmək və gücləndirməkdə qərarlıdır”, - Huseyn Əmir Abdullaxiyan deyib.
Mövcud problemin həllində ikitərəfli danışıqların əhəmiyyətini vurğulayan XİN rəsmisi, bu məsələdə qarşılıqlı anlaşma əldə olunmasının vacibliyini önə çəkib.
Xatırladaq ki, dünən gündüz ölkə əyalətlərinə turne çərçivəsində İran Prezidenti Mahmud Əhmədinejad Əbu-Musa adalarına səfər zamanı sakinlər qarşısında çıxış edib. 30 ildən artıqdır ki, Birləşmiş Ərəb Əmirlikləri və İran arasında Fars körfəzindən Hörmüz boğazına çıxışda yerləşən üç ada - Böyük və Kiçik Tomb, Əbu-Musa uğrunda ərazi mübahisəsi davam edir.
Mövqe baxımından hər üç ada qədim zamanlardan strateji cəhətdən əhəmiyyətli sayılıb. Hazırda bu ərazidən dünya neft ixracatının 30-40% keçdiyi üçün, onların əhəmiyyəti daha da artıb.