Əmmanda Azərbaycanın İordaniyadakı səfirinin həyat yoldaşı, Azərbaycan və Rusiya yazıçılar ittifaqlarının, habelə Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Elvira Araslının İordaniya haqqında yazdığı “İordaniya – lyubov moya” adlı kitabının ərəb dilinə tərcümə olunmuş nüsxəsinin təqdimat mərasimi keçirilib.
Səfirlikdən APA-ya verilən xəbərə görə, mərasimə 150-dən çox qonaq, o cümlədən şahzadə Şərifə Hind bint Nasir, Senat sədrinin ikinci müavini M. Humud, mədəniyyət nazirinin müavini M. Təlhuni, kitaba ön söz yazmış keçmiş mədəniyyət naziri C. Səmavi, keçmiş siyasi inkişaf naziri M. Maaytah, deputatlar, Yazıçılar İttifaqının nümayəndələri, dövlət qurumlarının rəsmiləri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi və İdarə Heyətinin üzvləri, çeçen və çərkəz icmalarının rəhbərləri, eləcə də İordaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri qatılıb.
Tədbirdə Senatın sədrinin ikinci müavini M. Humud, mədəniyyət nazirinin müavini M. Təlhuni, keçmiş mədəniyyət naziri C. Səmavi çıxış ediblər. Sonda Azərbaycanın İordaniyadakı səfiri söz alaraq bu layihənin təşəbbüskarı olan İordaniya Mədəniyyət Nazirliyi və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinə təşəkkürünü bildirib.
Daha sonra tədbir ziyafətlə davam edib.