İranın "Press TV" kanalı ABŞ-ın xarici siyasətinə tənqidi yanaşma ilə tanınan amerikalı yazıçı və tarixçi Vebster Qriffin Tarpleydən müsahibə alıb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, müsahibədə Türkiyənin "müharibə təhdidlərinə" diqqət çəkən Tarpley bildirib ki, əgər Türkiyə Suriyada bufer zona yaratsa, bu, müasir Türkiyənin parçalanması ilə nəticələnəcək.
"Türkiyənin müharibə təhdidlərini nəzərə almaqla, Suriyadakı silahlı üsyan yatırılsa, xarici dövlətlərin hərbi müdaxiləsi mümkün ola bilərmi?" sualına cavab verən Tarpley qeyd edib ki, bu, hazırda mövcud olan böyük təhlükədir. Tarpley həmçinin İstanbulda bir müddət əvvəl keçirilən "Suriyanın dostları" konfransını da "Əslində Suriyanın düşmənləridir" deyə xarakterizə edib.
Türkiyənin Suriyada bufer zona yaratmağa cəhd edə biləcəyini söyləyən Tarpley deyib: "Bu müasir Türkiyənin parçalanmasına gətirib çıxaracaq, geniş miqyaslı regional müharibənin başlaması istiqamətində nəhəng bir addım olacaq".
Suriyanın Türkiyə ərazisini atəşə Tutması iddiasına türk rəsmilərinin qəzəbli şərhlər verdiyini söyləyən Tarpley deyib: "Onlar olduqca zərərli bir vəziyyətə düşməmək üçün soyuqqanlılıqlarını qorusalar yaxşı olar"