Əziz müsəlmanlar! Bu Ramazan ayının da beləcə yarıdan çoxunu geridə qoyduq. Hər il gəlişini səbrsizliklə gözlədiyimiz Ramazan ayının artıq on beş gündən də az ömrü qalıb. Kim bilir, bəlkə də həyatımızın son Ramazanıdır bu yola saldığımız Ramazan. Kim bilir, bəlkə də günahlarımızı sildirə bilmək üçün növbəti şansımız olmayacaq. Amma "min aydan daha xeyirli bir gecə" adlı şansımız hələ qalmaqdadır.
Bu gün Qədr gecəsindən danışacağıq. Əvvəla onu deyək ki, qarşıdakı günlərdə olduğu ehtimal edilən Qədr gecəsinin dəqiq tarixi məlum deyil. Hər halda, Qurandan və əlimizdə olan səhih hədislərdən bu gün haqqında yalnız onu bilirik ki, bu gün içində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir və çox böyük bir ehtimalla Ramazan ayının son ongünlüyünün tək günlərindən birinə təsadüf edir.
Ayədə keçən "min ay" faktoru üzərində durmaq lazımdır. Nəzərə alsaq ki, bir il həm miladi, həm də hicri təqvimdə on iki aydan ibarətdir, deməli min ay, səksən üç ildən də artıq bir zamanı əhatə edir. İnsanların əməllərindən məsul olduqları dövrün həddi-buluğ yaşından (qadınlarda 9-12, kişilərdə 12-15) başlaması amilini də buraya əlavə etsək görərik ki, həmin bu min ay orta-statistik insan ömründən xeyli çox bir müddət deməkdir. Deməli, həmin bu gecəyə təsadüf edərək onun qədrini bilsək, onu lazımi kimi dəyərləndirməyə çalışsaq, bu gecə bütün ömrümüzdən daha xeyirli bir gecə ola bilər. Bəs bu gecənin özü-özlüyündə xeyri nədədir və onu başqa günlərdən nə fərqləndirir? Quranın Qədr surəsində bu barədə buyurulur ki, həmin gecə mələklər və "ruh" ("Ruh" kəlməsi ilə Hz. Cəbrayılın nəzərdə tutulduğu ehtimal olunur) yerə enir və dan yeri sökülənə qədər orada qalır. Həmin gecəni yatmayaraq ibadətlə, zikr və dualarla keçirməyin vacibliyinin də səbəbi budur. Amma əsas şərt gecəni yatmamağımız deyil, hansı şəkildə keçirməyimizdir. Onu bilməliyik ki, sırf gecəni yatmamaq naminə gündüzü yuxuyla keçirib axşamı da müxtəlif vasitələrlə başımızı qarışdıraraq keçirməyin heç bir mənası yoxdur. Hər halda unutmamalıyıq ki, həmin bu bir gecədə etdiklərimiz bütün ömrümüz boyu etdiklərimizdən daha xeyirli ola bilər.
Əziz müsəlmanlar! Gəlin bu gecənin qədrini bilək və Ramazan ayının son on gününü daha çox ibadətlə keçirək. Unutmayaq ki, gəlmiş-keçmiş bütün günahlarının bağışlandığı bildirilən Hz. Peyğəmbər bütün dünyəvi işlərdən əl çəkərək Ramazanın son on gününü xüsusilə ancaq ibadətlə keçirmiş, fəzilətli Qədr gecəsini gözəl dəyərləndirməyə çalışmışdır. Yəqin ki, günah və xətalardan xali olmayan bir ömür sürmüş bizlər də bütün həyatımızdan daha xeyirli bir gün naminə heç olmasa onca günü ibadətlə keçirə bilərik. Bəlkə də, bu günün insanlara gizli qalmasının bir hikməti də, sadəcə bir gecənin deyil, daha geniş bir zaman diliminin Qədr gecəsi olması ümidiylə ibadətlə keçirilməsidir. Buna görə də necə deyərlər, ehtiyatlı olmalı, hər gələni Xızır, hər gecəni Qədr bilməliyik. Çünki artıq Ramazanın sonuna yaxınlaşırıq.