Aprelin 9-10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı, “Əl-Raci” qrupu, F.A.R. və “Ərəb Standartları” şirkətlərinin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilati Gənc İşgüzarlar Şəbəkəsinin (İƏT GİŞ) İcraiyyə Komitəsinin ilk iclası keçirilib. Ciddədən şəbəkənin Azərbaycan üzrə koordinatoru Xaliq İldırımzadənin APA-ya verdiyi xəbərə görə, tədbirin açılış mərasimində DƏ-İKGF-nin baş katibi səfir Elşad İsgəndərov və “Ərəb Standartları” şirkətinin prezidenti Bəndər Əl-Raci təbrik nitqi ilə çıxış ediblər.
Ciddə görüşünün nəticəsi olaraq Nizamnamə və 1 illik İşçi Plan qəbul olunub. X. İldırımzadənin hesabatı əsasında İslam İnkişaf Bankının (İİB) nümayəndələri ilə müzakirə olunmuş “Gənc İşgüzarlara Dəstək Fondu” təşəbbüsünə gələcəkdə dəstək vermək qərara alınıb. Fondun İİB və yerli bank-agentlərlə birgə İƏT ölkələrindən olan iş adamlarına uzun müddətə nəzərdə tutulmuş az xərc tələb edən layihələrin həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərməsi nəzərdə tutulur.
Keçən ilin noyabrında Bakıda İƏT GİŞ-in təsis qurultayında DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Dünyanı dəyişəcək 10 gənc müsəlman” layihəsinin strukturu və planı da Ciddə iclasında təsdiqlənib.
İcraiyyə Komitəsinin növbəti iclasının bu ilin iyul ayında Türkiyədə keçirilməsi qərara alınıb.