“Suriya rəhbərliyi böhranı həll etmək üçün BMT və Ərəb Liqasının xüsusi elçisi Kofi Annanın planını həyata keçirməyə başlayıb”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada suriyalı həmkarı Valid Muallem ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə bildirib.
Rusiyanın baş diplomatı Suriyanın xarici işlər naziri Valid Muallem ilə planın icra vəziyyəti ilə bağlı ətraflı söhbət etdiyini deyib: “Annan planı Suriya hökumətinin islahatlar həyata keçirməsini, müxalifətin xüsusi öhdəlikləri yerinə yetirməsini, bütün tərəflərə qarşı silahlı zorakılığı dayandırmasını, əhaliyə humanitar yardımın göstərilməsini və tərəflər arasında siyasi dialoqun başlanmasını təmin edir. Koffi Annan planı yekdilliklə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 21 mart tarixində təsdiqlənib və qeyd edilib ki, Annan missiyanın fəaliyyəti ilə bağlı müntəzəm olaraq Təhlükəsizlik Şurasını məlumatlandırmalıdır. Biz bütün müxalifəti, siyasi, xüsusilə də silahlı təsir gücünə malik ölkələri təcili atəşkəs əldə etmək üçün iş görməyə çağırırıq”.