Bəzi Avropa qəzetlərində Məhəmməd Peyğəmbərin (ə.s.) karikaturalrının yenidən yayımlanmasından sonra Pakistanda buna qarşı etiraz aksiyası təşkil edilib. Əksəriyyəti Camete İslam dini partiyasının üzvləri olan tələbələr ölkənin ən böyük şəhəri Kəraçidə Danimarka bayrağı yandıraraq bu ölkə əleyhinə şüarlar səsləndiriblər.
Etirazçılar karikaturaların müəllifinə ölüm hökmünün verilməsini tələb ediblər. Mitinq iştirakçıları ölkə başçısı Pərviz Müşərrəfi də Danimarka rəhbərliyi ilə məsələni aydınlaşdırmamaqda günahlandırıb.
Qeyd edək ki, Danimarka polisinin karikaturaların müəllifinə qarşı sui-qəsd planını aşkara çıxarmasından sonra bu ölkənin əksər qəzetlərində Məhəmməd Peyğəmbərin (ə.s.) karikaturaları yenidən çap edilib.
Xatırladaq ki, karikaturaların 2006-cı ildə nəşr edilməsi İslam dünyasında geniş etirazlara səbəb olmuş, Danimarka və bir çox Avropa ölkələrinin səfirlikləri təhlükəsizlik tədbirləri ilə əlaqədar fəaliyyətini dayandırmışdı.
Pakistan dünyada müsəlmanların ən çox yaşadığı ölkələrdən biridir. Ölkədə 160 milyon əhali var və onların böyük əsəriyyəti müsəlmandır.