Həzrət Süleyman Peyğəmbərin (ə) rəiyyətindən bir nəfər onun hüzurunda oturmuşdu. Birdən ölüm mələyi Əzrayıl (ə) gəldi və o adama elə baxdı ki, qorxudan bədəni ürpəşdi.

Həzrət Süleymandan (ə) gələnin kimliyini soruşub, ölüm mələyi olduğunu öyrənincə, dəhşət içində peyğəmbərə yalvardı: «Ey Allahın elçisi! Bu mələk məni qorxuya saldı. Məni Çinə göndər ki, ondan uzaq olum, məni tapa bilməsin!». Həzrət Süleyman (ə) küləyə əmr etdi ki, o adamı Çinə aparsın.
Qorxuya düşmüş şəxs Çinə gedəndən sonra Cənab Əzrayıl (ə) yenə Süleyman Peyğəmbərin (ə) yanına gəldi.
Bu dəfə peyğəmbər mələkdən soruşdu: «Bayaq yanımdakı adama diqqətlə baxıb, təcili gedişinin səbəbi nə idi?». Ölüm mələyi belə cavab verdi: «Allah mənə əmr etmişdi ki, sənin hüzurunda olan adamın canını Çində alım. Mən yolüstü sənə baş çəkdim. O adamı burada – Qudsdə görəndə çaşıb qaldım və Allahın əmrini necə icra edəcəyim barədə heyrətə düşdüm. O isə Çinə göndərilməsini səndən xahiş etdi, sən də onu istədiyi yerə yolladın. Beləcə, mən Çinə gedib, orada həmin adamın canını aldım».
Hər kim əcəlin əlindən Çində gizlənsə belə, əcəl onu orada yaxalayacaq.