Suriya Prezidenti Bəşər Əsəd, BMT və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annanın planını yerinə yetirməyə hazır olduğunu bəyan edib. Bu barədə BRİCS-in Nyu-Dehlidə keçirilən sammitinin iştirakçılarına ünvanlanan məktubda deyilir.
SalamNews RBK-ya istinadən xəbər verir ki, Suriya lideri xarici dövlətləri üsyançıların maliyyələşdirilməsinin dayandırılmasına çağırıb. Daha öncə Əsəd və rəsmi Dəməşq dəfələrlə bəyan ediblər ki, Suriya ərazisində aparılan döyüşlərə xarici əsgərlər də cəlb ediliblər.
Xatırladaq ki, Annanın planı tərəflər arasında mübarizənin dayandırılması, zərər çəkənlərə humanitar yardımın göstərilməsi, siyasi dialoqa başlanması, kənardan müdaxilənin istisnası və bu tələblərin yerinə yetirilməsi üçün mexanizmin yaradılmasını nəzərdə tutur.