Bəhlul Danəndə zalım və günahkar adamları daim tənqid atəşinə tutur və onların pis əməllərini ifşa edirdi.

Bu adamlar bir gün yığışıb, Harun ər-Rəşidin yanına şikayətə gedir və xəlifəyə belə deyirlər:
- Bəhlul bizim işlərimizə qarışır. Halbuki, heç kim başqasına görə cavabdeh deyil. Necə deyərlər, hər qoyunu öz ayağından asarlar.
Xəlifə Bəhlulu çağırıb, şikayətçilərin sözünü ona çatdırır və xəbərdar edir ki, bir daha həmin adamları narahat etməsin. Bəhlul bir söz demədən Harunun hüzurundan çıxır. Evə çatan kimi, qoyunlarından bir neçəsini kəsib, tövlənin tavanından asdırır.
Bir neçə gündən sonra qoyunların cəsədi çürüyüb qurd salır. Üfunət iyi ətrafı bürüyür. Qonşular üfunət iyindən təngə gəlib, Bəhluldan şikayət edirlər.
Məsələ yenə xəlifənin qulağına çatır. Dərhal Bəhlulu çağırtdırıb soruşur ki, niyə natəmizlik yaradır, qonşuları narahat edir. Bəhlul Danəndə xəlifəyə cavab verir:
- Bir neçə gün əvvəl məndən şikayət edənlər deyirdilər ki, hər qoyunu öz ayağandın asarlar və buna görə başqasına ziyan gəlməz. İndi gördünmü, hətta öz ayağından asılan qoyun da ətrafındakılara ziyan yetirə bilər!