“Türkiyə, Azərbaycan və Gürcüstan Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması məsələsinin beynəlxalq təşkilatlar səviyyəsində müzakirəsinə nail olmalıdır.
Əks təqdirdə bölgədəki ən kiçik zəlzələ belə bütün region üçün təsəvvür edə bilməyəcəyimiz təhlükə meydana gətirə bilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvü Sinan Oğan deyib.
S. Oğan bildirib ki, artıq Türkiyənin Ermənistanla sərhəd bölgələrində mutasiyaya uğrayan heyvanlara rast gəlinir: “Yeni dünyaya gələn uşaqlarda ciddi xəstəliklər müşahidə edilir. Sərhəd boyu bitki örtüyünün quruduğunun şahidi oluruq. Çünki atom stansiyasının soyutma işlərində sudan istifadə olunur. Bu su bütün bölgəyə yayılır və Araz çayına axıdılır. Bundan başqa, atom stansiyasının tullantılarının Dağlıq Qarabağ ərazisində basdırılması haqda da şübhələr meydana çıxıb. Yəni bu stansiya təkcə İğdır əhalisi üçün deyil, bütün bölgə üçün böyük təhlükə mənbəyidir”.
S. Oğanın sözlərinə görə, Yaponiyada baş verən dəhşətli zəlzələ və sunamidən sonra elm və texnikanın təbii təhlükələrin qarşısının alınmasında acizliyi bir daha ortaya çıxıb: “Texniki baxımdan istifadə dövrünü tamamlayan “Metsamor” atom stansiyasının zəlzələ episentrində olması insanlıq üçün ciddi təhlükədir. Bu stansiya fəaliyyəti tezliklə dayandırılmalıdır. Türkiyə bu məsələdə əlindən gələni edir. Gürcüstan da bu stansiyanın fəaliyyətini özü üçün təhlükə sayır”.