BMT-nin əsas problemi Əfqanıstan üzrə dəqiq strategiyasının olmamasıdır. Bu barədə Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib.
SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstan üzrə iqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində BMT baş katibinin müavini Yan Kubiş ilə görüşdə İran prezidenti bəyan edib ki, Əfqanıstanın problemi yalnız region deyil, həmçinin bütün dünya üçün olduqca əhəmiyyətli və aktualdır. Onun sözlərinə görə, hər gün xarici hərbiçilər tərəfindən bir çox Əfqanıstan sakini qətlə yetirilir və zorakılığa məruz qalır.
“Əfqanıstanda daim insan hüquqları pozulur, bu da böyük problemlərin yaranmasına səbəb olur. Bu problemlər regional və beynəlxalq vəziyyətə, eyni zamanda qonşu ölkələrdəki vəziyyətə mənfi təsir göstərir”, - Mahmud Əhmədinejad deyib.
O qeyd edib ki, BMT rəhbərliyi Əfqanıstan üzrə strategiyanı dəqiqləşdirməlidir.