Sumqayıtdakı 3 saylı orta məktəbdə 5-6 hicablı qız məktəb direktorunun əmri ilə bir həftə müddətində dərsə buraxılmayıblar. Bu barədə APA-ya dərsə buraxılmayan şagirdlərdən birinin qardaşı Nəsib Namazov məlumat verib. Onun sözlərinə görə, yeni dərs ili başlayandan məktəbin direktoru Tirmə Qurbanova sözügedən şagirdlərə bir neçə dəfə xəbərdarlıq edib, onlar hicabı çıxarmadıqda isə dərsə buraxılmalarını qadağan edib. O, məsələ ilə bağlı bir sıra dövlət qurumlarına və Sumqayıt dindarlarına müraciət olunduğunu bildirib.
Dindarların işə qarışmasından sonra bu gün şagirdlərin dərsə buraxıldığını deyən N. Namazov direktorun yenidən problem yarada biləcəyini güman etdiyini vurğulayıb. Məktəb direktoru Tirmə Qurbanova isə APA-ya bildirib ki, sözügedən məsələ deyilən kimi olmayıb: "Təhsil Nazirliyi vahid məktəbli formasına keçidlə bağlı tövsiyə verilib və biz bu tövsiyənin yerinə yetirilməsi üçün addımlar atırıq. Burada xüsusi olaraq hicablılarla bağlı bir məsələ yoxdur. Biz şagirdlərimizin vahid məktəbli formasından istifadə etməsini istəyirik". Məktəb direktoru rəhbərlik etdiyi təhsil ocağının Sumqayıtda nümunəvi məktəblərdən olduğunu deyib və şagirdlərin dərsə buraxılmaması ilə bağlı məlumatları təkzib edib.