Robert Geyts: "Bu hərəkatı əvvəlcə Əfqanıstanda məğlub etmək lazımdır"
Amerikanın müdafiə naziri Robert Geyts avropalılara müraciət edərək deyib ki, "zorakı islamçı" ekstremizmin yaratdığı təhlükə realdır və o, birdən-birə öz-özünə yox olmayacaq. O israr edib ki, bu hərəkatı ilk olaraq Əfqanıstanda məğlub etmək lazımdır.
Pentaqon rəhbəri bu bəyanatı bazaar günü İraqa etdiyi qəfil səfər zamanı verib. Geyts avropalıları oradakı missiyanı dəstəkləməyə çağırıb. O deyib ki, NATO Əfqanıstanda misli görünməmiş əməliyyat aparır.
Geytsin sözlərinə görə, Əfqanıstanda aparılan hərbi kampaniyada müəyyən irəliləyiş olsa da, bütün ölkələr və alyans öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. "Biz bu tələbləri yerinə yetirmək barədə düşünərkən bütün alyans üzvlərinin missiyada iştirakını təmin etməyin yollarını tapmalıyıq. Amma döyüşlərdə iştirak etmək istəyən və istəməyənlərin düşərgəsinin yaranmasına imkan verməməliyik. Bunun nəticəsində kollektiv təhlükəsizlik üçün yaranacaq çətinliklər alyansın dağılmasına gətirə bilər".
Pentaqon başçısının qənaətincə, Avropada yaşayanların çoxu üzləşdikləri təhlükənin miqyasını dərk etmir. O etiraf edib ki, Avropa ictimaiyyəti Əfqanıstandakı əməliyyatları çox zəif dəstəkləyir. Buna görə də Amerikanın müdafiə naziri Avropa hökumətlərini öz xalqlarını başa salmağa çağırıb.