Bir nəfər çoxdan ölmüş bir kafirin kəlləsini qəbristanlıqdan Osmanın hüzuruna gətirib soruşdu: «Qur’anda deylir ki, kafirlər cəhənnəmdə alovun içindədirlər.

Bəs, bu kəllə niyə yanmayıb?». Osman suala cavab verməkdə aciz qalıb, Həzrət Əlini (ə) çağırtdırdı. Əli (ə) sualı dinləyəndən sonra tapşırdı ki, onun üçün bir çaxmaq daşı gətirsinlər. İmam çaxmaq daşını göstərib buyurdu: «Bu daşa əlini vursan, görərsən ki, soyuqdur və onda hərarətdən əsər-əlamət yoxdur. Əslində isə, içində atəş gizlənib. Onu başqa daşa bircə dəfə vursan, qığılcım qopub alov yaranacaq. Bu kəllə də üzdən soyuq görünür, əslində isə cəhənnəm odunun içindədir».
Bir zahidi padşah saraya dəvət etmişdi. Nahar vaxtı çatanda zahid həmişəkndən az yemək yeyir ki, onun pərhizkarlığına şübhə etməsinlər. Namaz vaxtı isə həmişəkindən daha artıq ibadət edib, namazın vaxtını uzadır.
Saraydan evə qayıtdıqdan sonra zahid ailəsinə bildirir ki, acdır və yemək istəyir. Bu zaman oğlu soruşur: «Ata, məgər sarayda yemədinmi?». Zahid cavab verir: «Yedim, amma az yedim ki, padşah mənim haqqımda pis fikrə düşməsin». Oğlu deyir: «Onda dur, sarayda qıldığın namazı da təzədən qıl. Çünki yeməkdə olduğu kimi, namazda da riya etmisən!»