Şam əhalisindən bir nəfər Mənsur Abbasinin hüzurunda idi.

Xəlifə üzünü ona tutaraq dedi:
- Siz gərək Allaha şükr edəsiniz ki, mən xəlifə olandan bəri Şamda taun xəstəliyinin kökü kəsilib.
Şamlı kişi hökmdara belə cavab verdi:
- Allah o qədər zalım deyil ki, öz bəndələrinə iki bəlanı eyni zamanda göndərsin».
Bir kişi ailəsi ilə birlikdə süfrə arxasına oturub yeməyə hazırlaşırdı. Həyat yoldaşı toyuq əti bişirmişdi. Birdən qapı arxasında yemək istəyən dilənçinin səsi eşidildi. Kişi əsəbləşib qapıya getdi, dilənçini qovub qayıtdı və ailə üzvləri xörəklərini yedilər.
Bir müddətdən sonra ev sahibi müflisləşərək, bütün var-yoxunu itirdi. Ailədə yaranan söz-söhbət üzündən hətta arvadını boşamağa məcbur oldu. Arvadı da başqa birisinə ərə getdi.
İllər ötdü. Yenə bir axşam həmin qadın toyuq əti bişirib, öz ikinci əri ilə birlikdə yeməyə hazırlaşırdı.
Bu zaman bir dilənçi qapıya gəlib çörək istədi. Ürəyiyumşaq kişi təklif etdi ki, öz yeməklərini həmin dilənçiyə bağışlasınlar. Qadın xörəyi götürüb qapıya getdi ki, dilənçiyə versin. Geri qayıdanda onun gözləri yaşarmışdı. Əri ağlamağının səbəbini soruşanda, qadın bir neçə il əvvəl baş vermiş hadisəni danışdı və dedi: «İndi qapımıza gələn dilənçi mənim birinci ərimdir. Simicliyi üzündən Allah ruzisini kəsib, onu bu hala salıb». Bu sözləri eşidən kişinin də gözləri yaşla doldu və hıçqırıqlar içində söylədi: «Vallahi, bir neçə il bundan qabaq sizin qapınıza gələn və əliboş qayıdan dilənçi də mən idim».