Hacı Fuad Nurulla: “Dini əqidədə boşluğun olması yeniyetmələri vəhhabiliyə, missionerliyə yönəldir”
Azərbaycanın orta məktəblərində dini dərslərin tədris olunması məsələsi mütəmadi olaraq gündəmə gəlir.
Gün.Az xəbər verir ki, bu məsələ ilə bağlı din və təhsil ekspertləri arasında fikir ayrılıqları mövcuddur.
Belə ki, dinşünaslar orta məktəblərdə dini biliklərin tədrisini zəruri hesab edir və bildirirlər ki, orta məktəblərdə dinin tədrisi uşaqların saflığına, bütün səmavi dinlər haqqında baza məlumatların almasına xidmət edə bilər.
Dini ekspertlər bu fənnin tədrisinin uşaqlarda həm insanlara qarşı davranışda, həm də vətənə, torpağa münasibətdə müsbət təsir göstərəcəyini deyirlər.
Ancaq təhsil üzrə ekspertlər Azərbaycanın dünyəvi dövlət olduğunu və Konstitusiyamıza əsasən, dinin dövlətdən ayrı olduğunu əsas gətirərək, dövlət təhsil müəssisələrində dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyyət təşkil etdiyini deyirlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində dini biliklərin tədrisinə gec-tez keçiləcək.
O qeyd edib ki, bu çox vacib məsələdir və orta məktəblərdə dini biliklərin tədrisi üçün kifayət qədər kadr potensialı var:
“Bakı İslam Universitetində geniş spektrdə dini fənlər tədris olunur”.
Dini ekspert Hacı Fuad Nurulla hesab edir ki, Azərbaycanda dini əqidə məsələsində boşluq var və bu, aradan qaldırılmalıdır:
“Məhz bu səbəbdən yeniyetmələr vəhhabiliyə, missionerliyə üz tutur. Həmin insanların dindən xəbərləri yoxdur. Dini savadlılıq olan yerdə isə missionerlik yayıla bilməz.
Azərbaycan məktəblərində standart tədris proqramı təsdiq olunaraq həmin proqram üzrə dərslər tədris edilsə, məsələ bununla həllini tapar”.
İlahiyyatçı Elşad Miri isə hesab edir ki, din uşaq və yeniyetmələrin formalaşdırılması üçün zəruridir:
“Din insanda əxlaq təcəssümünü formalaşdırır. Azərbaycan məktəblərində standart tədris proqramı təsdiq olunaraq həmin proqram üzrə dərslər tədris edilə bilər.
Artıq bir neçə dərslik hazırlanıb. Məsələnin reallaşması üçün hökumətin dəstəyi lazımdır”.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru Elmina Kazımzadə isə hesab edir ki, orta məktəblərdə yalnız islam dininin təbliği dünyəvilik prinsipinə ziddir:
“Məktəblərdə dinin tədrisinə başlanılarsa bütün dinlər tədris olunmalıdır. Əgər müəllimlər İlahiyyat və ya İslam Universitetini bitirmiş olacaqsa, onlar bütün dinlər barədə eyni səviyyədə uşaqlara məlumat verə bilməzlər.
İslam dininin təbliği baxımından hansısa dərsin tədris olunması dünyəvilik prinsipinə uyğun deyil. Hələlik isə bizdə orta məktəblərdə dərs deyəcək dinşünas kadrlar demək olar ki, yoxdur”.
Təhsil Nazirliyindən isə bildirildi ki, Azərbaycan təhsil sistemi dini təhsilin tətbiqi üçün hələlik yetişməyib:
“İlk növbədə dini təhsilin tətbiqində lazımi qədər kadrlar yoxdur. Siniflərdə dini düzgün başa düşən və ona riayət edən adamlar olmalıdır. Hazırda orta məktəblərdə şagirdlərə dini biliklər verən fənlər keçirilir.
Ancaq bütünlüklə dini dərslərin tədrisinin mənfi fəsadları da yol aca bilər. Dinlə bağlı dəqiq biliklər vermək uçun xüsusi kadrlar hazırlanmalıdır. Əks halda dinin səhv təbliğinə rəvac verilə bilər”.