"Bi-Bi-Si" radiosunun Azərbaycan xidməti "Din və demokratiya" mövzusunda silsilə radio verilişlərinə başlayıb. "İnam" Plüralizm Mərkəzinin Böyük Britaniya səfirliyinin dəstəyilə gerçəkləşdirdiyi layihə mayın sonunda bitəcək. Bu gün layihə Beynəlxalq Mətbuat Mərkəzində təqdim olunub.
Mərasimdə "İnam" Plüralizm Mərkəzinin sədri Vahid Qazi, "Bi-Bi-Si" radiosu Bakı bürosunun rəhbəri Azər Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri Deklan Bön, dini icmaların nümayəndələri çıxış ediblər.
V.Qazi öz açıqlamasında layihənin başlıca məqsədinin cəmiyyətdə dinin yeri və rolunu, müasir demokratik prinsiplərin və islam dəyərlərinin qarşılıqlı təsirini, dinlərarası mükalimənin mədəniyyətlərin inteqrasiyasında rolunu nəzərdən keçirmək, cəmiyyəidə bu mövzu ilə bağlı bilgiləri artırmaq olduğunu deyib. O bildirib ki, verilişlər daha çox islamda və demokratik cəmiyyətdə əsas insan haqları, islamda və demokratik cəmiyyətdə qadın hüquqları, islam və ənənəvi dinlər: qovuşan məqamlar, fərqli cəhətlər, Azərbaycanın Avropaya inteqrasiyasında islam amili, islam və Qərb dəyərlərində ortaq məxrəc kimi mövzuları əhatə edəcək.
Müxtəlif dini icmaların nümayəndələri, teoloq alimlər, ziyalılar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisləri və ictimaiyyətin geniş təbəqələrinin iştirakı nəzərdə tutulan verilişlər hər həftənin şənbə və bazar günləri saat 20.30-da "Bi-Bi-Si" 103.3 FM dalğasında efirə gedəcək. Layihə çərçivəsində "Media forum" saytında "İslam və demokratiya" mövzusunda forum da keçiriləcək.