Mövlana Cəlaləddin Ruminin müasiri olan hakimlərdən biri şairdən xahiş etdi ki, ona nəsihət versin.

Mövlana bir az düşündükdən sonra soruşdu: «Zənnimcə, Qurani-kərimi əzbər bilirsən?». Hakim təsdiq etdi. Mövlana bir daha dəqiqlşdirdi: «Hədis sahəsində də təhsil almısan, deyilmi?». Hakim yenə «bəli» cavabını verdi. Şair kinayəqarışıq təbəssümlə söylədi: «Əgər Allahın kitabından, Peyğəmbərin kəlamlarından ibrət götürə bilməmisənsə, adi bəndənin nəsihətindən sənə nə fayda gələcək?!».
Bir gün hökmdar yuxuda görür ki, bütün dişləri tökülüb. Hövlnak oyanıb, yuxuyozanları yanına çağırır. Yuxuyozanlardan biri belə deyir: «Hökmdarın yuxusunun mənası budur ki, bütün qohumları ondan tez vəfat edəcəklər». Padşah qəzəblənib, yuxuyozanı öldürməyi əmr edir.İkinci yuxuyozan icazə alıb deyir: «Yuxunun mənası budur ki, hökmdar bütün qohumlarından artıq yaşayacaq». Padşah ona mükafat verilməsini əmr edir. Sonra söyləyir: «Yuxuyozanların hər ikisinin sözünün mahiyyəti eyni idi. Amma onların biri sözü ədəb-ərkanla, o biri isə qabiliyyətsizliklə dedi. Hər ikisi də özünə uyğun cavabı aldı»