Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr Dəməşqdəki səfirliklərini bağlamaq haqda qərar veriblər.
SalamNews-un “Vesti”yə istinadən verdiyi xəbərə görə, Birliyin baş katibi Abdel Lətif əz-Zayəni bəyan edib ki, dövlətlərin bu addımı Bəşər Əsədin rəhbərliyi altında törədilən “cinayət və işgəncələrə” qarşı etiraz üsuludur.
O, həmçinin beynəlxalq cəmiyyəti qəti qərarlar qəbul etməyə, Suriyada baş verən qətlləri dayandırmağa, insan ləyaqətinin kobud şəkildə pozulmasına qarşı çıxmağa və Suriya xalqının qanuni hüquqlarının geri qaytarılmasına çağırıb.
Xatırladaq ki, çərşənbə günü Səudiyyə Ərəbistanı Dəməşqdəki səfirliyinin bağlanması və Suriyadan diplomatik missiyasının bütün əməkdaşlarının geri çağırılması haqqında açıqlama verib.
Fevral ayının əvvəlində Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı da Suriyadakı zorakılığa cavab olaraq bu ölkədən öz səfirlərini geri çağırıblar.