Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan–Türkiyə əlaqələrinin perspektivləri” mövzusunda konfrans öz işə başlayıb.
SalamNews-un məlumatına görə, konfransda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Milli Məclisin deputatları, alimlər, mütəxəssislər və KİV-lərin nümayəndələri iştirak edirlər.
SAM-ın direktor müavini Gülşən Paşayeva dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən danışıb, Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasının qardaşlığın bariz nümunəsi olduğunu bildirib. O deyib ki, Azərbaycan qardaş ölkə ilə münasibətlərin inkişafında maraqlıdır. Türkiyə ölkəmizin ən yaxın strateji tərəfdaşıdır.
G.Paşayeva vurğulayıb ki, Fransa Konstitusiya Şurasının qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanunu ləğvi iki ölkənin birgə səylərinin nəticəsidir.
Azərbaycan ilə Türkiyənin ortaq kədəri bölüşdüyünü qeyd edən G.Paşayeva Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbulun tarixi Taksim meydanında keçirilmiş izdihamlı yürüş-mitinqin bunu bir daha sübut etdiyini söyləyib.