Bir neçə gün ərzində İƏT və BMT göstəriləcək humanitar yardımın həcmini müəyyənləşdirmək üçün Suriyaya nümayəndə heyəti göndərəcəklər. SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (IƏT) baş katibi Ekmələddin İhsanoğlu açıqlayıb
Baş katib İƏT-in Nyu-Yorkdakı BMT təmsilçiliyində Suriya mövzusuna dair jurnalistlərin suallarını cavablandırıb.
Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının qərar layihəsinə veto qoymasının böhranın hələ də davam etməsinə təsiri olub-olmaması sualına İhsanoğlu belə cavab verib: "Suriyada mövcud vəziyyət çox dəhşətlidir, çünki hər gün onlarla, bəzən yüzə yaxın insan dünyasını dəyişir. Böyük şəhərlər, bölgələr dağıdılır, insanlar evlərindən didərgin düşür. Bu, bəşəri faciəyədir. Təəssüf ki, dünya, beynəlxalq ictimaiyyət əlləri, qolları bağlanmış vəziyyətdədir, hərəkət etməyə imkanları yoxdur. Çünki bütün beynəlxalq sistemdə bu vəziyyətə son qoyacaq tək təşkilat olan BMT, qərar qəbul etmək imkanından məhrum edilib".
"Bir neçə gün ərzində İƏT və BMT göstəriləcək humanitar yardımın həcmini müəyyənləşdirmək üçün Suriyaya nümayəndə heyəti göndərəcəklər" deyən İhsanoğlu, İƏT-in keçən ilin noyabr ayında Suriyaya humanitar yardım heyəti göndərmək istədiyini, lakin Suriya hökumətinin buna icazə vermədiyini bildirib: "Ancaq keçən həftə lazım olan icazəni ala bildik və indi BMT ilə əməkdaşlıq etmək üçün birlikdə bu ölkəyə gedirik".
Suriyada hansı tədbirlərin görülməsinin yolverilməzliyinə gəldikdə isə İhsanoğlu deyib: "Suriyadakı böhranın siyasi çərçivədə həll edilməsi mövzusunda Avropa, ABŞ, Rusiya, İslam dünyası həmfikirdir. Suriyaya kənardan hərbi müdaxilə edilməməlidir. Bununla eyni dərəcədə olmasa da, müxalifətə silah verilməməsi mövzusunda da fikir birliyi var. Ən son təbii ki, Suriyadakı qarşıdurmanın vətəndaş müharibəsinə çevrilməməsidir".