Türkiyənin sabiq prezidenti hicaba qoyulan qadağanın götürülməsinə üzülüb
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl ali təhsil müəssisələrində baş örtüyü taxmağa icazə verən Konstitusiya dəyişikliklərinin parlamentdə qəbul olunmasına münasibət bildirib.
S. Dəmirəl bu addımla cəmiyyətin parçalandığını deyib: "Türkiyədə parçalanmamış qurum, parçalanmamış xalq kəsimi qalmayıb. Məsələ Böyük Millət Məclisinin çıxardığı qanunla bitmir. Hələ Konstitusiya Məhkəməsi var. Bu ölkədə siyasəti, universitetləri, hətta bir evin içindəki insanları bölmək, hər halda, seviniləcək bir nəticə deyil. İztirab içindəyəm, fövqəladə dərəcədə üzgünəm". S. Dəmirəl xalqın bir hissəsinin demokratik, laik cümhuriyyətə təhlükəni hiss edərək bundan narahat olduğunu xatırladıb: "Heç kim bugünkü düzəni başqa bir düzənə çevirə bilməz. Bundan sonra nə edərlər, başqa şeyləri də bir-bir dəyişdirərək rejimi dəyişdirə bilərlərmi? Xeyr, bunu edə bilməzlər. Kimsə edə bilməz".