Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizə səfərə gələn Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qonaqları səmimi salamlayan şeyxülislam həzrətləri səfər zamanı keçirəcəkləri görüşlərdə onlara uğurlar arzulayıb. O deyib: "Görüşlərdə Bakıda Azərbaycanla Türkiyənin əbədi qardaşlığının rəmzi olan yeni məscidin inşasına kömək göstərəcəyimi bildirmişəm. Bu istəyimi Azərbaycan Prezidenti İlham Əliyev çatdıranda dövlət başçısı ideyanı dəstəkləyib və lazımı tapşırıqlarını verib. Bakı Şəhər İcra Hakimiyyəti məscidin inşası üçün ərazinin ayrılması haqqında sərəncam imzalayıb".
A.Paşazadə tikiləcək məscid kompleksinin layihəsi barədə qonaqlara məlumat verib və söyləyib ki, Şəhidlər Xiyabanı ərazisindəki məscidin sökülməsi barədə gəzən söz-söhbət həqiqəti əks etdirmir: “Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən yeni məscidin inşasına başlanması Şəhidlər Xiyabanı ərazisindəki camenin bağlanacağı anlamına gəlməməlidir. Həmişə demişəm, yenə də qeyd edirəm ki, həmin məscid gələcəkdə də fəaliyyətini davam etdirəcək. Azərbaycan dövləti məscidlərin, digər dini abidələrin tikintisinə, bərpasına və qorunmasına xüsusi qayğı ilə yanaşır. Bir zamanlar cəmi 18 məscid fəaliyyət göstərən Azərbaycanda müstəqillikdən sonra 2 mindən çox məscid dindarların ixtiyarına verilib”.
Bəkir Bozdağ səmimi qəbula görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib. O, səfər zamanı keçirəcəyi görüşlər barədə məlumat verib.
Sonda Şeyxülislam Allahşükür Paşazadə hörmətli qonağa xatirə hədiyyəsi verib.