Həzrət İbrahim Peyğəmbər (ə) elə bir məqama çaimışdı ki, Allah-təala onu «həbibim», yəni dostum adlandırırdı.

Nəhayət, ömrünün sonunda Allahın əmri ilə Cənab Əzrayıl (ə) onun canını almağa gəldi. Bütün insanlar kimi, Həzrət İbrahim (ə) də ölmək istəmirdi. Ona görə də, ölüm mələyinə dedi:
- Allah məni «dostum» adlandırırdı. Heç dost öz dostunu öldürərmi?!
Bu zaman Allah-təala Cənab Əzrayıla (ə) əmr etdi ki, İbrahimə (ə) de:
- Bəs, dost öz dostunun görüşünə getməkdən imtina edərmi?!
Məşhur ədib Cahiz zahiri görünüşcə çox yaraşıqsız idi, amma ona gülənlərdən incimir, əksinə, özü barədə məzəli lətifələr danışırdı. Cahiz deyirmiş ki, bir gün bir qadın onu zərgərin yanına aparır, zərgərə göstərib: «Bunun kimi olsun», - deyir və gedir. Cahiz bu sözlərin mənasını zərgərdən soruşur. Zərgər deyir: «Dünən bu qadın yanıma gəlib, şeytanın heykəlini düzəltməyimi sifariş etdi. Dedi ki, şeytanı söymək istəyəndə, həmin heykəlin üzünə tüpürüb, acığını ona tökmək istəyir. Dedim ki, axı, şeytanı görməmişəm, onun timsalını necə yaradım? Qadın söz verdi ki, mənə nümunə gətirib göstərəcək. İndi səni gətirmişdi ki, sənə baxıb, şeytanın surətini yaradım».