Bu gün Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri və Şəhidlər xiyabanını ziyarət edib, ulu öndər Heydər Əliyev, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Azərbaycan və türk şəhidlərinin xatirəsini yad edib.
SalamNews-un verdiyi xəbərə görə, Bəkir Bozdağ Bakıya səfəri çərçivəsində Azərbaycanın baş naziri və onun müavini, Milli Məclis sədri və digər rəsmilərlə bir sıra görüşlər keçirəcək. Səfərin məqsədi Türkiyə-Azərbaycan münasibətlərində atılmasına ehtiyac olan addımları və digər məsələləri müzakirə etməkdir.
Ermənistan Prezidenti Serj Sarkisyanın dünənki bəyanatına münasibət bildirən qonaq deyib ki, Dağlıq Qarabağ məsələsi Türkiyənin diqqətlə izlədiyi məsələdir: "Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın bununla bağlı bəyanatı olub. Dağlıq Qarabağ münaqişəsi həm də Türkiyənin problemidir. Dağlıq Qarabağ müsəlman türkü olan Azərbaycanın problemidir. Ermənistan beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bu işğalın sona çatması problemin həll edilməsi bizim təməl prinsipimizdir və bununla bağlı Türkiyə hər cür dəstəyi Azərbaycana verir və verəcək. Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından və erməni işğalının sona çatmasından asılıdır. Bu, baş verməyənə qədər sərhədlər açılmayacaq. Türkiyə bu istiqamətdə tədbirlərini davam edir. Biz münaqişənin tezliklə sülh yolu ilə həllini istəyirik".