"Bu, İran parlamentinə keçirilmiş seçkilərdə çoxsaylı seçicilərin iştirakı fonunda Qərbin növbəti uydurmasıdır".
SalamNews-un verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilmiş mətbuat konfransı zamanı İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami, Qərb mətbuatında guya İranın MAQATE müşahidəçilərini Parçin hərbi bazasına buraxmaq istəməməsi barədə yaydığı xəbəri şərh edərkən məlumat verib.
Vurğulayaq ki, Qərb mətbuatı Parçin bazasında nüvə silahı hazırlandığını iddia edir. Onların sözlərinə görə, İran dövləti vaxtı uzatmaqla bazada nüvə silahı hazırlanması izlərini məhv etməyə çalışır.
Səfir İran doktrinasının təkcə nüvə başlıqları deyil, həm də bütün dünyada kütləvi qırğın silahlarının məhvini nəzərdə tutduğunu xatırladıb.
"SSRİ dünyanın ən nəhəng nüvə dövlətlərindən olsa da, parçalanmaqdan qaça bilməyib. Eyni zamanda, 200 nüvə başlığına malik İsrail Livanın HİZBULLAH hərəkatı ilə müharibədə məğlub oldu. Bu isə, nüvə başlıqlarının hələ hər şeyi həll etmədiyini göstərir", - o deyib.
Səfir, ölkəsinin Parçin bazasında yoxlamalar aparılması üçün ekspertləri qəbul etməyə hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladıb. Bununla belə, bu yalnız beynəlxalq normalar çərçivəsində həyata keçirilməli olduğunu sözlərinə əlavə edib.