Bir gün Mövlana Rumi hovuz kənarında oturub mütaliə edirmiş. Bu zaman Şəms Təbrizi ona yaxınlaşır (onlar hələ tanış deyildilər) və nə oxuduğunu soruşur.

Mövlana sadə geyimli, adi görünüşlü bu adamın avamlardan olduğunu düşünüb, onu başından etmək üçün cavab verir: «Bu kitablarda yazılanlara qilu qal deyərlər. Sənin onlardan başın çıxmaz!»
Şəms Təbrizi Mövlananın qarşısındakı kitabları əliylə vurub suya salır. Mövlana təəssüf və qəzəb içində qışqırır:
«Sən neylədin, ay dərviş?! Bunların arasında atamdan yadigar qalmış elə kitablar vardı ki, tayı-bərabəri heç yerdə yoxdur».
Bu zaman Şəms əlini uzadıb kitabları bir-bir sudan çıxarır və Mövlanaya verir. Mövlana görür ki, kitablar zərrəcə islanmayıb. Heyrətlə soruşur ki, bu nə sirdir? Şəms belə cavab verir: «Buna da zövqü hal deyərlər. Sənin bundan başın çıxmaz!».
O an Mövlana qarşısındakı şəxsin həqiqət əhli və kəramət sahibi olduğunu başa düşür. Bu iki şəxsiyyətin dostluğu da həmin gündən başlayır.