Həzrət Əli (ə) buyurub: «İnsan öləndə sərvəti, övladı və xeyir əməlləri gözünün qabağında canlanar.

O, öz sərvətinə deyər: «Mən səni hərisliklə sevirdim. İndi məndən ötrü nə edə bilərsən?». Mal-dövlət cavab verər: «Edə biləcəyim budur ki, sənin kəfənin olum». İnsan üzünü övladına tutub deyər: «Mən səni sevir və əzizləyirdim. İndi mənə necə yardım edə bilərsən?». Övlad cavab verər: «Köməyim bu ola bilər ki, səni dəfn edim». Axırda insan öz xeyir əməllərinə üz tutub deyər: «Mən sizə qarşı laqeyd və sizi icra etməkdə süst idim. İndi mənə köməyiniz dəyəcəkmi?». Xeyir əməl cavab verər: «Mən həm qəbrdə, həm də qiyamətdə sənin yanında olaram, ta ki, birlikdə Allaha təqdim edilərik».
Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) qoyun kəsdirib ətini müsəlmanlara payladı. Əti payladıqdan sonra o həzrət, zövcəsi Aişədən soruşdu:
- Qoyunun ətindən nə qaldı?
Aişə cavab verdi:
- Bircə kürək hissəsi qalıb.
Peyğəmbər onun sözünə düzəliş verib buyurdu:
- De ki, bircə kürək hissəsindən savayı, bütün cəmdək bizə qaldı!
(Peyğəmbər bununla demək istəyirdi ki, onlara qalan ən böyük qazanc – payladıqları ətin savabıdır).