Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Rusiya Federasiyası Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycanla Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Tatarıstan arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İ. Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Münasibətlərin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Tatarıstan baş nazirinin səfərinin münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Tatarıstanın hökumət strukturlarını, biznes, maliyyə və bank sektorunu təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən İldar Xalikov əməkdaşlığı genişləndirilməyin önəmini vurğulayıb.