Səfəvilər dövründə bəzi alimlər (məs., Molla Xəlil Qəzvini) tütün və tənbəki çəkməyi haram sayır, bəziləri isə (məs., Əllamə Məclisi) nəinki buna icazə verir, hətta özləri qəlyan çəkirdilər.

Bir gün Qəzvini tənbəkinin haram olması barədə yazdığı risaləni gözəl bir mücrüyə qoyub Əllamə Məclisi üçün göndərir. Əllamə mücrünün içinə bir az tənbəki tökür, qasidə verib deyir: «Molla Xəlilə deyərsən ki, risaləni oxudum, amma onda diqqətə layiq bir şey görmədim. Mücrü isə əsil tənbəkilikdir. Ona görə, içinə tənbəki töküb göndərirəm ki, kitab üçün çəkdiyiniz zəhmətin əvəzi olaraq məndən qəbul edəsiniz»