Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin (RMDİ) Moskva müftiliyi ilə əməkdaşlığa hazır olduqlarını bəyan edib.
SalamNews "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, RMDİ-nin birinci müavini, Moskva və Rusiya mərkəzi regionunun müftisi Albir Krqanovla keçirdiyi görüş zamanı deyib: "Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsi dini-mənəvi tərbiyələndirmə sahəsi üzrə bizim etibarlı müttəfiqimizdir. Biz idarənin Moskva müftiliyinə özünün çoxtərəfli fəaliyyətində uğurlar arzulayırıq və sizə hər zaman dəstək olduğumuzu bildirmək istəyirik".
A.Krqanov Allahşükür Paşazadəyə 30 il müddətində göstərdiyi sülhpərvər və dini fəaliyyətinə görə minnətdarlıq bildirib: "Biz sizin başçılıq etdiyiniz idarəyə dərin hörmət hissi ilə yanaşırıq və ümid edirik ki, MDB ölkələrinin məsləhət şurası (müsəlman) inteqrasiya proseslərində xalq diplomatiyasının fəal iştirakçılarından biri olacaq".
Onun sözlərinə görə, sünnülər və şiələr qarşılıqlı anlayış şəraitində əməkdaşlıq edirlər.